
Cəlil Məmmədquluzadə
Azərbaycan yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadimi; "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri.
Cəlil Məmmədquluzadə həmçinin Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur. Cəlil Məmmədquluzadə 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olmuşdur.[3][4][5] Bəzi mənbələrdə ədibin doğum tarixi 1866-cı il olaraq göstərilmişdir.
Cəlil Məmmədquluzadə 1873-1876-cı illərdə Molla Əli Hüseynzadənin, 1877-1879-cu illərdə isə Hacı Molla Bağırın məktəbində oxumuşdur. O, bu barədə qeyd etmişdir:
7-8 yaşında molla yanına gedib çərəkə və Quran oxumağım da yadıma düşür. Naxçıvanda o vədə müdərrislikdə məşhur olan Hacı Bağır və Molla Əlinin də məktəblərində oxumuşam və Hacı Molla Bağırın falaqqasının çubuqlarının acısını, deyəsən, indi – bu saat yenə ayaqlarımda hiss edirəm. |
Ədib ərəb və fars dillərini də həmin vaxtda öyrənmişdir. Daha sonra Cəlil 1879-cu ildən Naxçıvan şəhər üçsinifli məktəbində təhsilini davam etdirir. Həmin məktəbdə dərslər rus dilində tədris olunurdu və Azərbaycan dilinin tədrisinə cuzi yer verilirdi. O, burada 3 il təhsil almışdı. Mirzə Cəlilin dünyagörüşünün inkişafına burada keçirilən dünyəvi fənlərin, həmçinin məktəbin müdiri, maarifçi Konstantin Nikitinin (1832-1894), qabaqcıl görüşlərinə görə mərkəzdən uzaqlaşdırılaraq Naxçıvanda müəllimliyə göndərilmiş gürcü xalqçı-demokrat, coğrafiya müəllimi Georgi Uturqaurinin, ana dili və şəriət müəllimi, teatr həvəskarı Mirzə Sadıq Qulubəyovun (1823- ?), Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini beş il əvəzinə iki ilə bitirərək doğma şəhərə təyinat almış, A.O. Çernyayevskinin yetirməsi olan Əliməmməd Xəlilovun (1862-1896) da mühüm təsiri olmuşdur